...

Azadkənddə əhali üçün növbəti tibbi müayinə aksiyası keçirildi

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Culfa Regional Tibb Mərkəzi” PHŞ-nin Ordubad Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkim briqadası tərəfindən Ordubad rayonunun Azadkənd kəndində tibbi müayinə aksiyası keçirilib.
​Keçirilən aksiya zamanı ümumilikdə 45 nəfər vətəndaş müayinədən keçirilmişdir. Onlardan 10 nəfəri terapevt, 5 nəfəri cərrah, 5 nəfəri pediatr, 6 nəfəri ginekoloq, 4 nəfəri kardioloq, 2 nəfəri isə infeksionist müayinəsindən keçmişdir. Həmçinin 9 nəfərə ultrasəs müayinəsi (USM), 4 nəfərə isə EKQ xidməti göstərilmişdir.
​Müayinələr zamanı vətəndaşların sağlamlıq vəziyyəti qiymətləndirilib, ehtiyac olan şəxslərə müvafiq tibbi məsləhətlər verilib və əlavə müayinələr üçün yönləndirmələr edilib.
​Əhalinin sağlamlığının qorunması məqsədilə keçirilən belə aksiyaların təşkili regionlarda yaşayan əhalinin ixtisaslı tibbi xidmətlərə əlçatanlığının artırılması, xəstəliklərin erkən aşkarlanması və sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.