Azadkənddə əhali üçün növbəti tibbi müayinə aksiyası keçirildi
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Culfa Regional Tibb Mərkəzi” PHŞ-nin Ordubad Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkim briqadası tərəfindən Ordubad rayonunun Azadkənd kəndində tibbi müayinə aksiyası keçirilib.
Keçirilən aksiya zamanı ümumilikdə 45 nəfər vətəndaş müayinədən keçirilmişdir. Onlardan 10 nəfəri terapevt, 5 nəfəri cərrah, 5 nəfəri pediatr, 6 nəfəri ginekoloq, 4 nəfəri kardioloq, 2 nəfəri isə infeksionist müayinəsindən keçmişdir. Həmçinin 9 nəfərə ultrasəs müayinəsi (USM), 4 nəfərə isə EKQ xidməti göstərilmişdir.
Müayinələr zamanı vətəndaşların sağlamlıq vəziyyəti qiymətləndirilib, ehtiyac olan şəxslərə müvafiq tibbi məsləhətlər verilib və əlavə müayinələr üçün yönləndirmələr edilib.
Əhalinin sağlamlığının qorunması məqsədilə keçirilən belə aksiyaların təşkili regionlarda yaşayan əhalinin ixtisaslı tibbi xidmətlərə əlçatanlığının artırılması, xəstəliklərin erkən aşkarlanması və sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.