Səhiyyə Nazirliyində Misirin ölkəmizdəki səfiri ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı ilə görüş keçirilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimizin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O, münasibətlərimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini də vurğulayıb.
Teymur Musayev Azərbaycanla Misir arasında səhiyyə sahəsində mövcud olan əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu bildirib: “Səhiyyə siyasəti və ictimai səhiyyə sahəsində ölkələrimiz arasında əməkdaşlıq səhiyyə qurumlarının beynəlxalq müstəvidə - Ümumdünya Səhiyyə Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində aparılır. Eyni zamanda, ölkələrimizin tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur”.
Sonda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə əmin olduğunu vurğulayıb.
Öz növbəsində Hişam Mohamed Nağı Misirin Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib: “Ölkələrimiz arasında 1992-ci ildən etibarən diplomatik əlaqələr qurulub və bu müddət ərzində Misir və Azərbaycan dövlətləri arasında əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir”.
Misirdə əczaçılıq sənayesinin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edən səfir ölkəsinin bu sahədə Azərbaycan ilə mövcud olan əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu ifadə edib.
Görüşdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın gücləndirilməsinin yeni perspektivləri, eyni zamanda gələcəkdə farmasevtika sahəsində əməkdaşlıq memorandumunun imzalanmasına dair müzakirələr aparılıb.
11 may 2023