Ümumdünya Səhiyyə Assambleyasının sessiyası çərçivəsində Azərbaycanın nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirib
Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti təşkilatın üzv ölkələrinin səhiyyə nazirləri ilə ikitərəfli görüşlər və digər işgüzar tədbirlər keçirir. Belə ki, Niderlandın ictimai səhiyyə, sosial təminat və idman naziri Ernst Keypersin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş baş tutub.
Bir çox sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdiyini qeyd edən Teymur Musayev milli səhiyyə müəssisələri arasında təcrübə mübadiləsi üçün böyük potensialın olduğunu vurğulayıb. Onun sözlərinə görə, yüksək ixtisaslı həkimləri və müasir tibb müəssisələrini özündə birləşdirən Niderland səhiyyə sistemi Avropada nümunəvi model kimi tanınır. Həmçinin, əczaçılıq və tibb avadanlıqlarının istehsalı və satışı üzrə dünyanın aparıcı ölkələrindən biridir.
Sonda Teymur Musayev ölkələrimizin səhiyyə nazirlikləri arasında gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.
Öz növbəsində Ernst Keypers də nazirliklər arasında qarşılıqlı səmərəli əlaqələrin qurulmasında maraqlı olduğunu bildirib. Niderlandın ictimai səhiyyə, sosial təminat və idman naziri qeyd edib ki, ölkələrimizin səhiyyəsinin səmərəliliyini artırmaq məqsədilə tibb təhsili sahəsində qarşılıqlı fəaliyyət üçün bütün zəruri vasitələr mövcuddur.
Görüşdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsi, transplantasiya sahəsində akademik təcrübələrin tətbiqi, birgə layihələrin həyata keçirilməsi və maraq doğuran digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Azərbaycanın nümayəndə heyəti tibbi avadanlıqların istehsalı üzrə dünya lideri olan “Royal Philips” şirkətinin Qlobal Hökumət və İctimai məsələlər üzrə vitse-prezidenti Jan-Villem Şeiqrondla da görüş keçirib.
Görüş zamanı şirkətin istehsal etdiyi yüksək texnoloji avadanlıqlarının Azərbaycan səhiyyəsində tətbiqi, ölkəmizin tibbi tədqiqatlar zamanı şirkətin nou-xau nailiyyətlərin tədbiqi geniş müzakirə predmeri olub.