Uşaqların icbari dispanserizasiyası çərçivəsində müayinələrə start verilib
Naxçıvanda uşaqların sağlamlığının qorunması və erkən diaqnostikanın təmin edilməsi məqsədilə icbari dispanserizasiya planına uyğun olaraq kütləvi profilaktik tibbi müayinələrə start verilib. Belə ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 31 mart 2026-cı il tarixli 88 nömrəli əmrinə əsasən, 01 aprel 2026-cı il tarixdən etibarən muxtar respublikanın bütün ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində 0–18 yaşlı uşaq əhalisinin profilaktik tibbi müayinələri həyata keçirilir.
Əmrə uyğun olaraq, müayinələr təsdiq olunmuş qrafik əsasında planlı şəkildə təşkil olunur və bütün uşaq kontingentini əhatə edir. Proses mərhələli şəkildə — ilkin skrininq, dərinləşdirilmiş müayinə və yekun qiymətləndirmə olmaqla aparılır.
İlkin mərhələdə bu gün Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası tərəfindən şəhərin ümumtəhsil məktəblərində müayinələr təşkil olunub. Müayinələr tərkibinə pediatr, oftalmoloq, nevropatoloq, endokrinoloq, stomatoloq, psixoloq və digər ixtisaslı tibb işçilərinin daxil olduğu 2 həkim briqadası tərəfindən həyata keçirilib.
Müayinələrin nəticələrinə əsasən uşaqlar sağlamlıq qruplarına bölünəcək, risk qrupuna daxil olanlar əlavə müayinələrə yönləndiriləcək və zəruri hallarda dispanser qeydiyyatına götürüləcək, ehtiyac yarandığı hallarda uşaqlara müvafiq tibbi yardım və müalicə tədbirləri göstəriləcəkdir.
Həyata keçirilən kütləvi profilaktik tibbi müayinələr uşaqların sağlamlığına göstərilən davamlı və sistemli qayğının bariz nümunəsidir. Uşaqların sağlam böyüməsi, onların fiziki və psixoloji inkişafının təmin olunması dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır.
Məhz bu baxımdan həyata keçirilən dispanserizasiya tədbirləri yalnız mövcud sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə məhdudlaşmır, eyni zamanda xəstəliklərin erkən mərhələdə aşkarlanmasına, risk qruplarının müəyyən edilməsinə və vaxtında profilaktik və müalicəvi tədbirlərin görülməsinə xidmət edir. Bu isə gələcəkdə daha ciddi sağlamlıq problemlərinin qarşısının alınmasına mühüm töhfə verir.
Qeyd edək ki, ümumtəhsil məktəblərində aparılan tibbi müayinələrin 26 may 2026-cı il tarixinədək davam etməsi nəzərdə tutulur.
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)