Süd vəzi xərçəngi ilə mübarizə ayı çərçivəsində tibbi aksiya keçirilib
Bu gün Naxçıvan Muxtar Respublikasının Onkoloji Mərkəzində süd vəzi xərçəngi ilə mübarizə ayı çərçivəsində əhalinin sağlamlığının qorunması, xəstəliyin erkən diaqnostikası və maarifləndirmə məqsədilə tibbi aksiya təşkil edilib.
Aksiya çərçivəsində 16 onkoloji müayinəsi və 12 süd vəzi ultrasəs müayinəsi (USM) həyata keçirilib ki, nəticələrə əsasən süd vəzi xərçəngi aşkarlanmayıb. Müayinə zamanı xoşxassəli şişlər aşkarlanan xəstələrə isə müvafiq dərman müalicəsi təyin edilərək zəruri tibbi tövsiyələr verilib.
Aparılan müayinələr zamanı süd vəzi xərçənginin klinik əlamətləri, erkən diaqnostikanın əhəmiyyəti, diaqnostika üsulları və müalicə imkanları barədə maarifləndirici söhbətlər aparılmış, iştirakçılara xəstəlik haqqında məlumatları əks etdirən broşür və bukletlər, eləcə də süd vəzi xərçəngi ilə bağlı fərqindəliyin artırılması məqsədilə çəhrayı lentlər təqdim edilmişdir.