Şahbuz rayonunda uşaqların kütləvi profilaktik tibbi müayinələrinin yekunları açıqlanıb
Uşaqların sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərin davamı olaraq kütləvi tibbi müayinələr Şahbuz rayonunda uğurla icra olunub.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 31 mart 2026-cı il tarixli 88 nömrəli əmrinə əsasən, “Şahbuz Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən rayonun ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində 0–18 yaş arası uşaq əhalisi arasında kütləvi profilaktik tibbi müayinələr həyata keçirilib.
Aparılan müayinələr nəticəsində rayon üzrə 1841 nəfər uşaq əhalisindən 1625 nəfəri tibbi müayinələrə cəlb olunub ki, bunlardan 1213 nəfər uşaq tam sağlam (I qrup), 29 nəfər praktiki sağlam, lakin riskli (II qrup), 290 nəfər xroniki xəstə – kompensasiya mərhələsində (III qrup), 28 nəfər xroniki xəstə – subkompensasiya mərhələsində (IV qrup), 65 nəfər isə ağır xəstə – dekompensasiya mərhələsində (V qrup) kimi qiymətləndirilib.
Müayinələr ixtisaslı həkim briqadaları tərəfindən mərhələli qaydada — ilkin skrininq, dərinləşdirilmiş müayinə və yekun qiymətləndirmə olmaqla aparılıb. Nəticələrə uyğun olaraq risk qrupuna daxil olan uşaqlar əlavə müayinələrə yönləndirilib, zəruri hallarda dispanser qeydiyyatına götürülməsi və müvafiq müalicə tədbirlərinin təşkili təmin edilib.
Həyata keçirilən bu tədbirlər uşaqların sağlamlığına göstərilən xüsusi diqqət və qayğının növbəti təzahürü olmaqla yanaşı, gələcək nəslin sağlam və təhlükəsiz inkişafına xidmət edir.