Şərur rayonunda tibbi müayinə aksiyası keçirilib
Aprelin 20-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Şərur Rayon "Danyeri Kənd Tibb Məntəqəsi"ndə əhali üçün növbəti tibbi müayinə aksiyası uğurla təşkil olunub. Aksiya çərçivəsində “Yoluxucu Xəstəliklər Mərkəzi” PHŞ, “Ağciyər Xəstəlikləri Dispanseri” PHŞ və Y.Budaqov adına Psixi Xəstəliklər Dispanserinin ixtisaslı həkim briqadaları tərəfindən müxtəlif sahələr üzrə müayinələr aparılıb.
Keçirilən aksiya zamanı kənd sakinləri dermatoveneroloji, infeksion, ftiziatrik və psixiatrik istiqamətlər üzrə müayinələrə cəlb olunublar. Müayinələrin nəticələrinə əsasən, dermatoveneroloji xəstəliklər üzrə 16, yoluxucu xəstəliklər üzrə 10, psixiatrik xəstəliklər üzrə 14, ağciyər (ftiziatrik) xəstəlikləri üzrə isə 10 nəfər müvafiq diaqnozlarla qeydə alınıb və nəzarətə götürülüb.
Aşkar edilən xəstəliklərlə bağlı vətəndaşlara yerində ilkin tibbi yardım göstərilib, zəruri hallarda isə onların ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilməsi təmin olunub. Həkimlər tərəfindən həmçinin maarifləndirici söhbətlər aparılaraq xəstəliklərin profilaktikası, erkən diaqnostikanın əhəmiyyəti və sağlam həyat tərzinin vacibliyi barədə ətraflı məlumat verilib.
Bu cür tibbi müayinə aksiyalarının təşkili səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətinin mühüm və prioritet istiqamətlərindən biri olmaqla, əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən mərhələdə aşkarlanması, vaxtında müalicəyə cəlb olunma imkanlarının artırılması və profilaktik tədbirlərin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.