...

Naxçıvanda “İmmunlaşdırma həftəsi” başa çatıb

Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən başlayaraq Avropa regionunda hər il “İmmunlaşdırma həftəsi” keçirilir. “İmmunlaşdırma həftəsi” əhalinin sağlamlığının qorunması baxımından səhiyyə sahəsində həyata keçirilən əsas tədbirlərdən biri olmaqla, yoluxucu xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.
Eyni zamanda, “İmmunlaşdırma həftəsi” müddətində peyvəndlə əhatə səviyyəsinə nəzarət gücləndirilir, bölgələrdə mütəmadi monitorinqlər aparılır. Bu təşəbbüsə uyğun olaraq Naxçıvanda da hər il aprel ayının son həftəsi “İmmunlaşdırma həftəsi” kimi qeyd olunur və bu istiqamətdə silsilə tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən, cari ildə də muxtar respublikanın şəhər və rayonlarını əhatə edən genişmiqyaslı “İmmunlaşdırma həftəsi”nə start verilib və aksiya 1 həftə ərzində davam edib.
“İmmunlaşdırma həftəsi” çərçivəsində hər hansı səbəbdən peyvənddən kənarda qalan uşaqların müəyyənləşdirilməsi və onların immunizasiyaya cəlb olunması istiqamətində tədbirlər davam etdirilib, prosesə nəzarət məqsədilə müvafiq monitorinqlər aparılıb.
Görülən tədbirlər nəticəsində müxtəlif səbəblərdən peyvənddən kənarda qalan uşaqlar müəyyənləşdirilərək immunizasiyaya cəlb olunub. Ümumilikdə, 290 uşaq peyvəndə cəlb edilərək immunlaşdırılıb.
Həftə çərçivəsində tibb müəssisələrində valideynlər üçün keçirilən görüşlərdə immunlaşdırmanın əhəmiyyəti, peyvəndlərin insan sağlamlığının qorunmasındakı rolu, eləcə də yoluxucu xəstəliklərin qarşısının alınmasında oynadığı mühüm rol barədə ətraflı məlumat verilir.
“İmmunlaşdırma həftəsi” yoluxucu xəstəliklərdən qorunmanın əsas vasitələrindən biri olan peyvəndləmənin əhəmiyyətinə ictimai diqqətin artırılmasına xidmət edir. İmmunizasiya sayəsində hər il milyonlarla insan difteriya, tetanus, göyöskürək, qızılca, parotit və məxmərək kimi infeksion xəstəliklərdən mühafizə olunur. Bu isə hər il milyonlarla insanı yoluxucu xəstəlikdən, əlillikdən və vaxtsız ölümdən qoruyan ən təsirli səhiyyə tədbirlərindən biridir.