Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov Şahbuz Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşlarla görüş keçirib
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov Şahbuz Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşlarla görüş keçirib. İlk olaraq nazir Samiq Sadıxov və Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rafael Babayev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub və onun əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Samiq Sadıxov İcra Hakimiyyətinin inzibati binasında vətəndaşlarla görüşərək onların müraciətlərini dinləyib. Görüşdə nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərləri də iştirak ediblər. Vətəndaşların müraciətləri əsasən müayinə və müalicə, əlilliyin təyin edilməsi, həmçinin işlə təminat məsələlərini əhatə edib.
Qeyd edək ki, qəbul zamanı ümumilikdə 18 nəfərin müraciətinə baxılıb. Müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib, bəzi məsələlər isə yerindəcə həll edilib.