Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində ağır vəziyyətdə qəbul edilən körpənin səhhəti stabilləşdirilib
Ölkəmizdə səhiyyə sisteminin inkişafı, tibb müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verməkdədir. Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində ağır vəziyyətdə qəbul edilən yenidoğulmuş körpəyə göstərilən tibbi yardım bunun bariz nümunəsidir.
36 həftəlik hamiləlik müddətində, 23 yaşlı ananın ilk doğuşu zamanı 4 kiloqram çəki ilə dünyaya gələn körpə Türkiyə Respublikasının İğdır şəhərində yerləşən özəl tibb müəssisələrində müalicə alıb. Qeysəriyyə əməliyyatı ilə doğulan körpədə doğuşdan sonra tənəffüs çatışmazlığı yarandığından o, yenidoğulmuşların intensiv terapiya şöbəsinə yerləşdirilib.
Sonrakı müalicə müddətində körpənin vəziyyətində gözlənilən yaxşılaşmanın əldə olunmaması və ailənin üzləşdiyi maddi çətinliklər səbəbindən körpə Naxçıvana gətirilib. Ailənin Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinə müraciətindən sonra körpə stasionar müalicəyə qəbul olunub.
İki günlük müalicə və davamlı tibbi nəzarət nəticəsində körpənin ümumi vəziyyətində müsbət dinamika müşahidə olunub. Həyati göstəricilərinin stabilləşməsi və səhhətindəki yaxşılaşma nəzərə alınaraq, ailənin razılığı ilə körpə evə buraxılıb və müalicəsinin ev şəraitində davam etdirilməsi tövsiyə olunub. Hazırda körpənin vəziyyəti stabildir.
Azərbaycan Respublikasında səhiyyənin inkişafı, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir tibbi xidmət imkanlarının genişləndirilməsi və vətəndaşların sağlamlığının etibarlı şəkildə qorunması dövlətin sosial siyasətinin mühüm istiqamətlərindəndir. Bu diqqət və qayğı Naxçıvan Muxtar Respublikasında da əhalinin keyfiyyətli tibbi xidmətə əlçatanlığının artırılması, tibb müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və peşəkar tibbi kadr potensialının gücləndirilməsi istiqamətində görülən işlərdə öz əksini tapır.