Məktəblərdə şagirdlər arasında tibbi müayinələr aparılır
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, oktyabrın 1-dən etibarən məktəblərdə uşaqların kütləvi profilaktik müayinələrinə başlanılıb. Bu tədbirin əsas məqsədi uşaqların sağlamlığını qorumaq, onların inkişafını izləmək və potensial xəstəlikləri vaxtında aşkar edərək qarşısını almaqdır.
Müayinələr mərhələli şəkildə həyata keçirilir. İlk olaraq şəhər, rayon və kənd məktəblərində, daha sonra isə məktəbəqədər təhsil müəssisələrində bu müayinələr təşkil olunacaq.
Müayinələr zamanı pediatr, nevropatoloq, cərrah, travmatoloq-ortoped, oftalmoloq, LOR və stomatoloq həkimləri uşaqların bədən çəkisi, göz sağlamlığı, boy artımı, sinir sistemi, diş və ağız boşluğu, sümüklərin inkişafı kimi göstəricilərini yoxlayırlar.
Müayinələrin əhəmiyyəti həm də valideynlərin nəticələr barədə məlumatlandırılmasında və hər hansı problem aşkarlanarsa, uyğun tədbirlərin təklif edilməsindədir.
Bu tədbir çərçivəsində Ordubad şəhər tam orta internat məktəbində də şagirdlər arasında müayinələr aparılıb. Ümumilikdə 496 şagird tibbi müayinədən keçib, xəstəlik aşkar olunanlara müalicə yazılıb və həkim məsləhətləri verilib.
Qeyd edək ki, müayinələr dekabrın 1-dək davam edəcək.