
"Cərrahi Xəstəliklərin Aktual Məsələləri, onların Diaqnostika və Müalicəsinə Müasir Baxışlar" mövzusunda elmi-praktiki konfrans keçirilib
"Cərrahi Xəstəliklərin Aktual Məsələləri, onların Diaqnostika və Müalicəsinə Müasir Baxışlar" mövzusunda elmi-praktiki konfrans keçirilib
Naxçıvan Muxtar Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar həyata keçirilən silsilə tədbirlər çərçivəsində səhiyyə sahəsində də elmi müzakirələrin aparılması davam etdirilir. Bu məqsədlə növbəti elmi-praktiki tədbir - “Cərrahi Xəstəliklərin Aktual Məsələləri, onların Diaqnostika və Müalicəsinə Müasir Baxışlar” mövzusunda konfrans təşkil olunub.
Konfrans Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə baş tutub.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Heydər Əliyev Muzeyinə baxış keçirilib.
Konfransın rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli liderin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri cənab Samiq Sadıxov belə elmi tədbirlərin regionda səhiyyənin inkişafı və tibbi mütəxəssislər arasında bilik və təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb. Nazir çıxışı zamanı son dövrlərdə muxtar respublikada səhiyyə sahəsində həyata keçirilən islahatlara da toxunub.
Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, professor Rauf Ağayev konfransın yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib, bu cür əməkdaşlıqların həm elmi, həm də praktiki müstəvidə qarşılıqlı inkişaf üçün əhəmiyyətini qeyd edib. Çıxışının sonunda professor Rauf Ağayev Elmi Cərrahiyyə Mərkəzinin kollektivi adından səhiyyə naziri Samiq Sadıxova Fəxri Fərman təqdim edib.
Konfransın elmi hissəsində Elmi Cərrahiyyə Mərkəzinin aparıcı mütəxəssisləri tərəfindən “Öd yollarının yatrogen zədələnmələrinin səbəbləri, diaqnostikası, cərrahi müalicəsi və profilaktikası”, “Ürəyin birincili şişlərinin diaqnostikası və cərrahi müalicəsi”, “Minimal invaziv kolon cərrahiyyəsində nailiyyətlər”, “Düyünlü urlar zamanı əməliyyata göstərişlər” və digər aktual mövzularda elmi məruzələr təqdim olunub.
Konfransın sonunda iştirakçıların sualları cavablandırılıb, elmi müzakirələr aparılıb, fikir və təcrübə mübadiləsi həyata keçirilib.
Qeyd edək ki, tədbir çərçivəsində Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin kollektivi Naxçıvan Mərkəzi Xəstəxanasında yaradılmış Təlim Mərkəzi ilə də tanış olublar. Qonaqlara mərkəzin fəaliyyəti barədə səhiyyə naziri Samiq Sadıxov tərəfindən ətraflı məlumat verilib.