...

Akademik Zərifə Əliyevanın 103-cü ildönümünə həsr olunmuş oftalmoloji aksiya uğurla başa çatıb

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə Naxçıvanda təşkil olunan genişmiqyaslı oftalmoloji aksiya uğurla yekunlaşıb. Aksiya Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Liv Bona Dea Hospitalın birgə təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının dəstəyi ilə “Naxçıvan Sağlamlıq Mərkəzi” PHŞ-də həyata keçirilib.
Aksiyanın birinci günü – 17 aprel tarixində həkim-oftalmoloq Pərvanə Abdullayeva tərəfindən 60 yaşdan yuxarı vətəndaşların qəbulu aparılıb və ümumilikdə 50 nəfər müayinədən keçirilib. Müayinələr zamanı aşkarlanan oftalmoloji problemlərlə bağlı pasiyentlərə müvafiq tibbi tövsiyələr verilib, zəruri hallarda əlavə müayinə və müalicəyə yönləndirmə təmin olunub.
Aksiyanın ikinci günü – 18 aprel tarixində müayinələr iki həkim tərəfindən aparılıb. Həkim-oftalmoloq Əhməd Abdullayev tərəfindən 52 nəfər vətəndaş müayinə edilib. Eyni zamanda, həkim-oftalmoloq Pərvanə Abdullayeva tərəfindən əlavə olaraq 27 nəfər vətəndaş qəbul olunub və müayinədən keçirilib.
İkinci gün ərzində ehtiyacı olan pasiyentlər üzərində biri şəhid anası olmaqla 2 katarakta əməliyyatı uğurla icra olunub. Bununla yanaşı, 10 pasiyentə göz daxili inyeksiya tətbiq edilib, 1 pasiyentdə argon lazer proseduru, 1 pasiyentdə isə hər iki göz üzrə YAG lazer əməliyyatı həyata keçirilib.
Ümumilikdə aksiya çərçivəsində vətəndaşların göz sağlamlığının qorunması, xəstəliklərin erkən aşkar olunması və müasir tibbi xidmətlərə əlçatanlığın artırılması istiqamətində mühüm nəticələr əldə olunub. Müayinələr zamanı aşkarlanan problemlərin bir qismi ambulator müalicəyə cəlb edilib, digər pasiyentlər isə ixtisaslaşmış tibbi xidmətlərə yönləndirilib.
Qeyd edək ki, aksiya müddətində göstərilən bütün tibbi xidmətlər – müayinələr, müalicə prosedurları və cərrahi əməliyyatlar tam ödənişsiz əsaslarla həyata keçirilib.
Bu cür aksiyalar ölkədə səhiyyə sahəsində aparılan islahatların, əhalinin sağlamlığına göstərilən diqqət və qayğının bariz nümunəsi olmaqla, profilaktik tibbi tədbirlərin əhəmiyyətini bir daha ön plana çıxarır.