Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov, nazirlikdə yeni işlə təmin olunan dövlət qulluqçuları ilə görüş keçirib
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov, nazirlikdə yeni işlə təmin olunan dövlət qulluqçuları ilə görüş keçirib. Görüş zamanı səhiyyə sahəsində görülən əhəmiyyətli işlərdən danışan Samiq Sadıxov, səhiyyənin cəmiyyətin ən vacib struktur bölmələrindən biri olduğunu xüsusi vurğulayıb. O, son dövrlərdə səhiyyə sahəsində həyata keçirilən genişmiqyaslı islahatların muxtar respublikada tibbi xidmətin keyfiyyətinin artırılmasına yönəldiyini bildirib. Naxçıvanda səhiyyə sistemində aparılan işlər və kadr potensialının yüksəldilməsi, əhalinin sağlamlığının təmin edilməsinə verilən önəmin bariz nümunəsidir.
Samiq Sadıxov çıxışında, qarşıya qoyulmuş hədəflərə çatmaq üçün səmərəli və mütəşəkkil fəaliyyətin vacibliyini qeyd edərək, peşəkar kadrların hər bir uğurun təməl daşı olduğunu vurğulayıb. O, yeni təyin olunan əməkdaşlara öz məsuliyyətlərinin tam fərqində olub komanda şəklində çalışaraq yüksək nəticələr əldə etmələrinin vacibliyini xatırladıb.
Görüş zamanı əməkdaşlar yaradılan bu əlverişli iş şəraitinə görə dərin minnətdarlıqlarını ifadə edib və onlara verilən tapşırıqların öhdəsindən layiqincə gələcəklərinə dair əminliklə söz veriblər.
Qeyd edək ki, Rəhim Rəhimov Tibbi Xidmətin Təşkili Şöbəsinin İxtisaslı Tibbi Yardım Sektorunda baş məsləhətçi-pediatr, Ayşən Səfərova və Aytac Mahmudova isə kadrlarla iş üzrə baş məsləhətçi vəzifələrinə təyin ediliblər.
Görüşün sonunda səhiyyə naziri Samiq Sadıxov əməkdaşları təbrik edib, onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.