Regulations of the Ministry of Health

 Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi haqqında

 

ƏSASNAMƏ

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.  Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra-Nazirlik) əhalinin sağlamlığının qorunması sahəsində (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinin  fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

3. Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. Nazirlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

5. Nazirliyin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Naxçıvan şəhərində yerləşir.

 

II. NAZİRLİYİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

 

7. Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

7.2. müvafiq sahənin inkişafı üzrə müxtəlif proqramlar hazırlayır və həyata keçirilməsini təmin edir;

7.3. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

III. NAZİRLİYİN VƏZİFƏLƏRİ

 

8. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

8.1. əhaliyə tibbi yardımın göstərilməsini təmin etmək;

8.1-1. dövlət təhsil müəssisələrində pulsuz tibbi xidməti təmin etmək;

8.2. müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş normativ tənzimləməni həyata keçirmək;

8.3. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

8.4. müvafiq sahənin inkişaf istiqamətlərini müəyyənləşdirmək, tibbi yardımın təşkilinin formalarını təkmilləşdirmək, demoqrafik prosesin və əhalinin sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə tibbi statistika və məlumat-analitik bankını yaratmaq;

8.5. müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş dövlət nəzarətini, o cümlədən səlahiyyətləri daxilində dövlət səhiyyə sisteminə daxil olan qurumların fəaliyyətinə qeyri-dövlət tibb müəssisələrinin fəaliyyətinə nəzarəti və dövlət sanitariya-epidemioloji nəzarətini həyata keçirmək, tibbi təhsilinin, tibb sahəsində elmi tədqiqat işlərinin aparılmasında iştirak etmək;

8.6. muxtar respublika ərazisinin karantin infeksiyalarının gətirilməsindən və yayılmasından, sağlamlıq üçün təhlükəli yeyinti məhsulları və istehlak idxalından sanitariya mühafizəsini təmin etmək,

8.7. qanunvericiliyə uyğun olaraq gigiyenik sertifikatlaşdırma işinin aparılmasını təşkil etmək;

8.8. qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) vermək;

8.9. qanunvericiliyə uyğun olaraq xüsusi icazənin verilməsini təmin etmək, hüquqmüəyyənedici sənədlər vermək;

8.10. əhalini və müalicə-profilaktika müəssisələrini dərman, bakterioloji, virus preparatları və tibbi təyinatlı digər məmulatlarla təmin etmək;

8.11. analığın və uşaqların mühafizəsi, reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə tədbirlərin hazırlanıb həyata keçirilməsini təmin etmək;

8.12. müvafiq qanunvericiliklə yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sahəsində səhiyyə orqanlarına həvalə edilən məsələləri həll etmək;

8.13. tibb təhsili müəssisələrində tibb və əczaçı kadrlarının hazırlanmasına rəhbərlik etmək, həmin kadrların ixtisas üzrə biliklərini və təcrübi vərdişlərini təkmilləşdirmək, qurumlarını ixtisaslı kadrlarla təmin etmək;

8.14. muxtar respublika ərazisinə  yoluxucu xəstəliklərin gətirilməsinin  və həmin xəstəliklərin muxtar respublika ərazisində yayılmasının qarşısını almaq;

8.15. müvafiq sahənin hərtərəfli inkişafı üçün zəruri tədbirlər görmək;

8.16. digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;

8.17. Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

8.18. strukturuna daxil olan qurumlarında çalışan işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək;

8.19. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin Naxçıvan Muxtar Respublikasında  həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

8.20. öz səlahiyyətləri daxilində əhalinin tibbi yardım almaq sahəsində hüquqlarının həyata keçirilməsini təmin etmək və həmin hüquqların pozulmasının qarşısını almaq;

8.21. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla səhiyyə sahəsində elmi tədqiqatları inkişaf etdirmək və bu sahədə nailiyyətlərin tətbiq edilməsini təmin etmək;

8.22. müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

8.23. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

8.24. dövlət hesabat məlumatlarının toplanması, ümumiləşdirilməsi, dəqiqləşdirilməsi və müvafiq dövlət orqanlarına qanunvericiliyə uyğun olaraq çatdırılmasını təşkil etmək;

8.25. Nazirliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək;

8.26. mühasibat uçotunun qanunvericiliyə uyğun olaraq aparılmasını təmin etmək;

8.27. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etmək;

8.28. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

IV. NAZİRLİYİN HÜQUQLARI

 

9. Nazirlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. müvafiq sahədə dövlət siyasətinin əsas istiqamətlərinə dair təkliflər vermək;

9.2. əhalinin sağlamlıq vəziyyətini öyrənmək, xəstəliklərin qarşısını almaq, əlillik və ölüm hallarının azaldılması, insanların uzunömürlülüyünün təmin olunması ilə bağlı tədbirləri həyata keçirmək;

9.3. analığın və uşaqların mühafizəsi, reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə tədbirlər işləyib hazırlamaq, əlaqədar qurumlarla birlikdə qadın və yeniyetmələrin əməyinin mühafizəsi, uşaqların səhhəti, fiziki, gigiyenik tərbiyəsi üzrə tədbirlər keçirmək, ana və uşaqlara müalicə-profilaktika yardımını təşkil etmək, tabeliyindən asılı olmayaraq məktəbəqədər təhsil müəssisələrində uşaqların sağlamlığına nəzarət etməkqanunvericiliyə uyğun olaraq uşaq qidası məhsullarının istehsalı, satışı və istehlakına tələb qoymaq;

9.4. muxtar respublika üzrə kurort ehtiyatlarını öyrənmək, kurortların, sağlamlıq zonalarının inkişafı üzrə tədbirlərin hazırlanmasında iştirak etmək, kurort amillərindən hərtərəfli istifadə ilə bağlı daha səmərəli metodlar hazırlamaq;

9.5. qanunvericiliyə uyğun olaraq dövlət məhkəmə ekspertizası fəaliyyətini həyata keçirmək;

9.6. əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində tədbirləri təşkil etmək, müvafiq sahədə təşviqat və maarifləndirmə işlərini həyata keçirmək;

9.7. qabaqcıl təcrübənin, tibb elminin nailiyyətlərinin tətbiqini təmin etmək, tibb və əczaçılıq sahəsində elmi tədqiqatların aparılmasını istiqamətləndirmək;

9.8. tibb və əczaçılıq ixtisaslı mütəxəssislərə olan tələbatı müəyyənləşdirmək, bu mütəxəssislərin təhsil müəssisələrində yetişdirilməsini, eləcə də tibb sahəsində elmi-pedaqoji və elmi kadrların hazırlanmasını təşkil etmək, səhiyyə müəssisələrini tələbata uyğun ixtisaslı tibbi kadrlarla təmin etmək, həkimlərin, əczaçıların və digər səhiyyə işçilərinin peşəkarlığının yüksəldilməsi üzrə tədbirləri, o cümlədən onların müəyyən olunmuş qaydada attestasiyasını həyata keçirmək;

9.9. səhiyyə müəssisələrinin və əhalinin tibb təyinatlı məmulatlara, sanitar avtomobillərinə, tibb texnikasına və s. tələbatını öyrənmək və onları təchiz etmək;

9.10. öz səlahiyyətləri daxilində müvafiq sahəyə investisiyaların cəlb olunmasına dair təkliflər vermək;

9.11. öz səlahiyyətləri daxilində. tibb fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatlar tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətinə, tibb kadrlarının peşə hazırlığı səviyyəsinə nəzarəti təmin etmək;

9.12. səhiyyə sistemində ixtiraçılığın və səmərələşdiriciliyin inkişafı işinə rəhbərlik etmək, kəşf, ixtira və səmərələşdirici təklifləri təcrübədə tətbiq etmək;

9.13. qabaqcıl tibb və əczaçılıq işçilərini, eləcə də səhiyyənin təşkili işində fəal iştirak edən şəxsləri mükafatlandırmaq, “Əməkdar həkim” fəxri adının, orden və medalların verilməsi haqqında aidiyyəti üzrə təqdimatlar vermək;

9.14. müvafiq sahədə tibbi konfrans, simpozium və qurultayların keçirilməsini təşkil etmək;

9.15. müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

9.16. öz səlahiyyətləri çərçivəsində qüvvədə olan qanunvericilik əsasında normativ sənədlər qəbul etmək;

9.17. struktruna daxil olan qurumlarının əmr və sərəncamlarını ləğv etmək, digər təşkilatların qanunvericiliyə zidd olan, əhalinin sağlamlığına mənfi təsir göstərən qərarlarının icrasının dayandırılması və ləğv edilməsi haqqında müvafiq orqanlar qarşısında vəsatət qaldırmaq;

9.18. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

9.19. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, o cümlədən səhiyyənin əsas istiqamətləri üzrə Ümumdünya Səhiyyə Təşkilatı ilə, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

9.20. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

9.21. qanunvericiliyə uyğun olaraq Nazirliyin strukturunu təkmilləşdirmək;

9.22. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

9.23. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, internet saytı yaratmaq və ondan istifadə etmək;

9.24. qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncamında olan dövlət əmlakı barəsində hüquqları həyata keçirmək;

9.25. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

V. NAZİRLİYİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

 

10. Nazirliyin aparatı və onun strukturuna daxil olan qurumlar və tabeliyində olan digər qurumları Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

11. Nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədri tərəfindən həyata keçirilir.

12. Nazirliyin fəaliyyətinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən nazir rəhbərlik edir. Nazir Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

13. Nazirin və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavinləri vardır.

Nazirin müavinləri ona nazir tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

14. Nazir:

14.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

14.2. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir;

14.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

14.4. Nazirliyin aparatının işçilərini, strukturuna daxil olan qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, ikili tabelikdə olan yerli orqanların rəhbərlərinin isə qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin edilməsi üçün təqdimatlar verir, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

14.5. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

14.6. Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

14.7. Nazirliyi təmsil edir.

15. Nazirlikdə nazirdən (kollegiyanın sədri), onun müavinlərindən, Nazirliyin rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Nazirliyin kollegiyasının tərkibinə, həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.

16. Nazirliyin kollegiyasının üzvlərinin sayı və tərkibi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

17. Nazirliyin kollegiyası öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

18. Nazirliyin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Nazirliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Nazirliyin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.

19. Nazirliyin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və nazir tərəfindən təsdiq edilir.

20. Nazirliyin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda nazir bu barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Nazirliyin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.

21. Nazirliyin kollegiyasının iclaslarına zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların rəhbərləri, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər.

22. Müvafiq sahədə elmi-tibbi nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Nazirlikdə icimai əsaslarla fəaliyyət göstərən Elmi-Tibbi Şura yaradıla bilər. Elmi-Tibbi Şura haqqında əsasnamə nazir tərəfindən təsdiq edilir.