Şahbuz rayonunun Kolanı kəndində tibbi aksiya keçirilib
Mayın 7-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikası Xəstəxanası” publik hüquqi şəxsin ixtisaslı həkim briqadası tərəfindən Şahbuz rayonunun Kolanı kəndində yerləşən Ailə Sağlamlıq Mərkəzində növbəti tibbi aksiya təşkil olunub.
Aksiya zamanı kənd sakinləri müxtəlif ixtisaslı həkimlər tərəfindən tibbi müayinələrə cəlb ediliblər. Sakinlərə nevropatoloq, cərrah, lor, USM, endokrinoloq, oftalmoloq və uroloq xidmətləri göstərilib, ilkin tibbi baxış və konsultasiyalar aparılıb, müalicə və əlavə müayinələrlə bağlı müvafiq tövsiyələr verilib .
Tibbi aksiya çərçivəsində nevropatoloq tərəfindən 12, cərrah tərəfindən 3, lor həkimi tərəfindən 4, USM müayinəsi üzrə 15, endokrinoloq tərəfindən 13, oftalmoloq tərəfindən 21, uroloq tərəfindən isə 10 nəfər müayinə olunub.
Ümumilikdə aksiya çərçivəsində 78 nəfər kənd sakini tibbi müayinədən keçirilib, onların sağlamlıq vəziyyəti dəyərləndirilib.
Qeyd edək ki, muxtar respublikanın ucqar yaşayış məntəqələrində mütəmadi təşkil olunan bu cür tibbi aksiyalar əhalinin sağlamlığının qorunması, erkən diaqnostikanın aparılması və tibbi xidmətlərə əlçatanlığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Həyata keçirilən tədbirlər dövlətin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

