Naxçıvanda şagirdlər üçün genişmiqyaslı maarifləndirici tədbirlərə start verilib
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə ümumtəhsil müəssisələrində şagirdlər üçün maarifləndirici tədbirlərə start verilib. Tədbirlər Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən ixtisaslı həkimlərin iştirakı ilə həyata keçirilir və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində təşkil olunur. Belə ki, həkimlər məktəblərə cəlb edilir, şagirdlərlə maarifləndirici görüşlər keçirilir.
Bu təşəbbüsün əsas məqsədi şagirdlər arasında sağlam həyat tərzinin təbliği, onların gələcək peşə seçimində tibb sahəsinə, xüsusilə həkimlik ixtisasına marağının formalaşdırılması və daha da gücləndirilməsidir. Görüşlər zamanı şagirdlərə tibb sahəsinin cəmiyyət üçün əhəmiyyəti, həkim peşəsinin məsuliyyəti və humanist mahiyyəti ətraflı izah olunur, bu sahədə təhsil almağın və gələcəkdə peşəkar kadr kimi formalaşmağın vacibliyi vurğulanır.
Maarifləndirici tədbirlər çərçivəsində şagirdlərlə interaktiv söhbətlər aparılır, onların sualları cavablandırılır, tibbi sahəyə maraq oyadan real nümunələr təqdim olunur. Bu yanaşma şagirdlərin düşüncəsində həkimlik peşəsinə qarşı daha yaxın və məqsədyönlü baxış formalaşdırır, gələcəkdə ixtisas seçimi zamanı tibbi sahəyə üstünlük verənlərin sayının artmasına zəmin yaradır.
Geniş miqyasda həyata keçirilən tədbirlər aprelin 21-dək mərhələli şəkildə muxtar respublikanın şəhər və rayonlarında onlarla ümumtəhsil müəssisəsini əhatə edəcək.