Naxçıvanda qrip əleyhinə vaksinasiya prosesi aparılır
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, payız-qış mövsümündə kəskin respirator virus infeksiyalarının yayılma riski artdığı üçün əhali arasında qripə qarşı vaksinasiya aparılır. Bu vaksinasiya xüsusilə risk qrupları üçün — 65 yaşdan yuxarı şəxslər, 6 aydan yuxarı uşaqlar, xroniki xəstəliyi olanlar və əsasən səhiyyə işçiləri üçün tövsiyə edilir. Bu qruplar qrip virusuna yoluxduqda daha ciddi fəsadlarla üzləşmə ehtimalı yüksəkdir.
Qrip əleyhinə peyvənd, virusun cəmiyyətdə yayılmasının qarşısını almaq və ictimai sağlamlığı qorumaq məqsədi daşıyır. Mütəxəssislər əhalini vaksinasiyaya qatılmağa çağırır, çünki peyvənd olunmaqla infeksiyanın yayılma riski əhəmiyyətli dərəcədə azaldıla bilər.
Peyvənd olmaq istəyən şəxslər öz yaşadıqları ərazi üzrə uşaq və böyüklərə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edə bilərlər.
Qeyd edək ki, qrip əleyhinə peyvəndləmə könüllülük əsasında aparılır.