...

Naxçıvanda "İqlim dəyişikliyinin sağlamlığa təsiri" mövzusunda konfrans keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına həsr olunmuş “İqlim Dəyişikliklərinin Sağlamlığa Təsiri” mövzusunda konfrans keçirilib. Tədbirdə qlobal istiləşmənin yaratdığı sağlamlıq problemləri və onların aradan qaldırılması yolları müzakirə olunub. Əvvəlcə, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Təlim və Simulyasiya Mərkəzi”nin direktoru Aytən Rzayeva çıxış edərək COP29-un ölkəmizdə keçirilməsinin strateji əhəmiyyətini vurğulayıb və iqlim dəyişikliyinin son illərdə dünyada ekoloji, iqtisadi və sosial problemlərə səbəb olduğunu qeyd edib. Daha sonra o, konfransın gedişatı və keçirilməsinin əhəmiyyəti barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xidmət Rəisi Azər Məmmədov çıxışında muxtar respublikada son illərdə ekoloji təmizliyin qorunması və saxlanılması istiqamətində həyata keçirilən tədbirləri vurğulayıb. O qeyd edib ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, bu sahədə görülən işlər ardıcıl və sistemli şəkildə davam etdirilir.

Daha sonra konfransda iqlim dəyişikliyi və sağlamlıq mövzusu ətrafında müxtəlif təqdimatlar edilib. Ekopatologiya, nanotexnologiyalara əsaslanan müasir yanaşmalar və qlobal istiləşmənin insan immun sistemi və dəri xərçənginə təsirləri kimi məsələlər müzakirə olunub. Çıxışlarda iqlim dəyişikliyinin insan sağlamlığına geniş təsirləri hərtərəfli şəkildə işıqlandırılıb.