Naxçıvanda akademik Zərifə Əliyevanın 103 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
Aprelin 25-də “Naxçıvan Muxtar Respublika Xəstəxanası” PHŞ-nin Akt zalında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, “Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası” PHŞ və “Berlin-Chemie Menarini” Ag-nin Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Tədbirdən əvvəl poliklinikanın foyesində akademikin büstü önünə gül dəstələri qoyulub, görkəmli alimin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxılıb.
Tədbir dövlət himninin səsləndirilməsi və akademikin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Açılış hissəsində çıxış edən Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı müstəsna rolunu vurğulayaraq bildirib ki, onun zəngin elmi irsi bu gün də aktuallığını qoruyur və müasir oftalmologiyanın inkişafına mühüm töhfə verir. Qeyd olunub ki, səhiyyə sahəsinin inkişafı, tibbi xidmətlərin keyfiyyətinin artırılması və kadr potensialının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir və bu kimi elmi-praktik tədbirlər xüsusi əhəmiyyət daşıyır.
Konfrans çərçivəsində akademikin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib, bədii hissə təqdim olunub. Elmi hissədə müxtəlif tibb müəssisələrini təmsil edən mütəxəssislər tərəfindən oftalmologiya və əlaqəli sahələr üzrə aktual mövzulara dair məruzələr dinlənilib. Çıxışlarda göz sağlamlığının ümumi sağlamlıqla qarşılıqlı əlaqəsi, müasir tibbi yanaşmalar, erkən diaqnostika və effektiv müalicə üsulları barədə ətraflı məlumat verilib.
Məruzələrdə, həmçinin müxtəlif ixtisas sahələri arasında inteqrasiyanın əhəmiyyəti, göz xəstəliklərinin digər orqan sistemləri ilə əlaqəsi və profilaktik tədbirlərin rolu xüsusi vurğulanıb. İştirakçılar tərəfindən aparılan müzakirələr çərçivəsində mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Konfrans zamanı akademik Zərifə xanım Əliyevanın oftalmologiya elminə verdiyi töhfələrin bu gün də öz əhəmiyyətini saxladığı, onun elmi məktəbinin uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
Sonda belə tədbirlərin keçirilməsinin səhiyyə sahəsində bilik və təcrübə mübadiləsinin genişləndirilməsinə, tibb işçilərinin peşəkar inkişafına və görkəmli alimlərin irsinin yaşadılmasına mühüm töhfə verdiyi qeyd olunub.