Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardım Xidmətində növbəti təkmilləşdirmə təlimi keçirilib
“Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardım Xidməti” PHŞ-nin kiçik tibb işçilərinin nəzəri bilik və praktik bacarıqlarının təkmilləşdirilməsi məqsədilə növbəti təlim təşkil edilmişdir.
Təlimin mövzusu "Ürəyin qapalı masajı və süni tənəffüsün aparılma qaydası" olmuşdur. Təlim zamanı iştirakçılara ürək-ağciyər reanimasının (CPR) müasir yanaşmaları, həyati vacib müdaxilələrin ardıcıllığı, ürəyin qapalı masajının düzgün texnikası, süni tənəffüsün aparılma qaydaları, eləcə də praktik bacarıqların təkmilləşdirilməsi istiqamətində ətraflı məlumat verilmişdir.
Praktiki məşğələlər xüsusi təlim manekenləri üzərində həyata keçirilmiş, iştirakçıların bilik və bacarıqları qiymətləndirilərək onlara metodiki tövsiyələr təqdim edilmişdir.
Əhaliyə göstərilən təcili tibbi yardımın keyfiyyətinin yüksəldilməsi, əməkdaşların peşə hazırlığının daim inkişaf etdirilməsi və bilik və bacarıqlarının artırılması məqsədilə bu cür təlimlərin mütəmadi olaraq keçirilməsi davam etdirilir.

