...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində işgüzar görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində icbari tibbi sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin iştirakı ilə işgüzar görüş keçirilib. Görüşdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) Naxçıvan Muxtar Respublikasındakı filialının təsis olunması, muxtar respublikada icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin mövcud vəziyyəti, ödəniş mexanizmləri və xidmətlərin əhatə dairəsinin genişləndirilməsi məsələləri müzakirə olunub.

​Görüş zamanı muxtar respublika ərazisində əhaliyə göstərilən tibbi xidmətlərin icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi çərçivəsində maliyyələşdirilməsi, tibb müəssisələrinin bu mexanizmdə iştirakı, eləcə də xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Tibbi xidmətlərin ödənilməsi mexanizmlərinin təkmilləşdirilməsi, xəstə yönümlü yanaşmanın gücləndirilməsi və şəffaflığın təmin olunması əsas müzakirə mövzularından olub.

​Eyni zamanda, icbari tibbi sığorta sistemində çalışan tibb işçilərinin əmək hüquqları, sosial təminatı, iş şəraitinin yaxşılaşdırılması və motivasiya mexanizmlərinin gücləndirilməsi məsələlərinə də xüsusi diqqət ayrılıb. Bu istiqamətdə normativ-hüquqi bazanın təkmilləşdirilməsi və sığorta mexanizmlərinin daha effektiv tətbiqi zəruriliyi vurğulanıb.

​Görüş çərçivəsində sığorta olunan şəxslərə göstərilən tibbi xidmətlərin əlçatanlığının artırılması, xidmətlərin vahid standartlara uyğunlaşdırılması, eləcə də icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin əhatə dairəsinin genişləndirilməsi məsələləri də müzakirə edilib.

​Müzakirə olunan məsələlərin operativ və effektiv həlli məqsədilə müvafiq qurumlar tərəfindən konkret tədbirlərin görülməsinin zəruri olduğu qeyd edilib və bu istiqamətdə qarşılıqlı əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.

​Sonra qonaqlar Naxçıvan Muxtar Respublikası Xəstəxanasında göstərilən tibbi xidmətlərlə tanış olublar.