Nəhəcir kəndində əhaliyə səyyar tibbi xidmət göstərilib
Əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığın artırılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” PHŞ və “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası” PHŞ-nin ixtisaslı həkim briqadası tərəfindən Babək rayonunun Nəhəcir kəndində növbəti tibbi müayinə aksiyası təşkil olunub.
Aksiya zamanı kənd sakinlərinə müxtəlif istiqamətlər üzrə tibbi xidmətlər göstərilib. Belə ki, vətəndaşlar ginekoloji, laborator, radioloji (USM) və pediatrik müayinələrə cəlb olunublar. Müayinələr zamanı sakinlərin sağlamlıq vəziyyəti qiymətləndirilib, ilkin diaqnozlar qoyulub, zəruri hallarda əlavə müayinə və müalicə üçün müvafiq tibb müəssisələrinə yönləndirmələr aparılıb.
Tibbi müayinə aksiyası çərçivəsində ümumilikdə 32 nəfər vətəndaş müayinədən keçirilib. Onlardan 9 nəfərə ginekoloji, 14 nəfərə USM (radioloji), 4 nəfərə laborator analiz, 5 nəfərə isə pediatrik xidmət göstərilib.
Qeyd edək ki, bu cür tibbi aksiyalar regionlarda yaşayan əhalinin vaxtında müayinə və müalicəyə cəlb olunmasında mühüm rol oynayır, xəstəliklərin erkən aşkarlanmasına, profilaktik tədbirlərin gücləndirilməsinə və əhalinin sağlamlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Eyni zamanda, həyata keçirilən bu aksiyalar səhiyyə siyasətinin prioritet istiqamətlərindən biri kimi çıxış edir. Əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin artırılması və əlçatanlığın təmin olunması məqsədilə görülən bu tədbirlər səhiyyə sisteminin davamlı inkişafına mühüm töhfə verir.