Kəmalə Həsənovaya “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 iyun 2026-cı il tarixli “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncamına əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətinə və fərqlənməsinə görə təltif olunan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi statistika və rəqəmsallaşma sektorunun müdiri Həsənova Kəmalə Zal qızına “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub.
Medalın təqdimetmə mərasimi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin inzibati binasında keçirilib. Medalı Kəmalə Həsənovaya Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov təqdim edib. Rəşadət Nabatov Kəmalə Həsənovanı təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar və yeni nailiyyətlər arzulayıb.
Qeyd edək ki, Kəmalə Həsənova 20 ildən artıqdır səhiyyə sahəsində fəaliyyət göstərir və bu müddət ərzində dövlət qulluğunda səmərəli fəaliyyəti ilə seçilib.