...

Elmi Cərrahiyyə Mərkəzindən dəvət olunan cərrahlar tərəfindən Naxçıvan Sağlamlıq Mərkəzində müayinə və əməliyyatlar həyata keçirilir

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Akademik M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən dəvət olunan yüksək ixtisaslı peşəkar cərrahlar Naxçıvan Sağlamlıq Mərkəzində müayinə və əməliyyatlar həyata keçirir

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Akademik M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən dəvət olunan yüksək ixtisaslı cərrahlar Naxçıvan Sağlamlıq Mərkəzində bir sıra müayinə və əməliyyatlar həyata keçiriblər. Həyata keçirilən bu aksiya yerli əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması və müasir tibbi xidmətlərin təmin edilməsi məqsədini daşıyır.
Əvvəlcə qonaqlar Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxovla görüşüblər. Görüş zamanı nazir muxtar respublikada səhiyyə sahəsində həyata keçirilən islahatlar, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Nazir bildirib ki, Naxçıvanda səhiyyə infrastrukturunun müasirləşdirilməsi, yeni tibb müəssisələrinin istifadəyə verilməsi, ixtisaslı tibbi kadr hazırlığı, qabaqcıl texnologiyaların tətbiqi və profilaktik tədbirlərin genişləndirilməsi istiqamətində ardıcıl işlər görülür.
Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları və birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub.
Daha sonra Naxçıvan Sağlamlıq Mərkəzində müayinələrə başlanılıb. Əməliyyatlar və müayinələr zamanı müxtəlif sahələrdən olan cərrahlar, o cümlədən endokrin cərrahı, qaraciyər, öd kisəsi, mədəaltı vəzi, qida borusu, 12 barmaq bağırsağı, anesteziologiya-reanimasiya və intensiv terapiya üzrə peşəkar xidmətlər göstəriblər. 
Eyni zamanda, gələn mütəxəssislər Naxçıvan Sağlamlıq Mərkəzində son vaxtlar həyata keçirilən yeniliklərlə tanış olublar. Onlar, yeni yaradılmış müasir avadanlıqlarla tam təchiz olunmuş əməliyyat otaqlarını və müasir standartlara cavab verən palataları, o cümlədən, həyata keçirilən digər yenilikləri yüksək qiymətləndiriblər. Həkimlər, mərkəzin tibbi infrastrukturunun müasir tələblərə uyğun olduğunu və burada göstərilən xidmətlərin keyfiyyətinin əhəmiyyətli dərəcədə artdığını vurğulayıblar. Onlar, belə bir müasir şəraitin və avadanlığın yerli həkimlər və xəstələr üçün böyük üstünlük təmin etdiyini qeyd edərək, Naxçıvanda səhiyyə sahəsindəki inkişafları təqdir ediblər.
Qeyd edək ki, Naxçıvan Sağlamlıq Mərkəzində keçirilən bu aksiya 2 gün müddətində davam edəcək.