Cəzaçəkmə müəssisəsində məhkumların profilaktik tibbi müayinəsi keçirilib
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən yaradılmış həkim komissiyası tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumların profilaktik tibbi müayinəsi təşkil olunub.
Müayinələrdə Y. Budaqov adına Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin, Şərur Regional Tibb Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin, Ağız və Diş Sağlamlığı Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Xəstəxanasının və Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin mütəxəssisləri, eləcə də digər tibb işçiləri iştirak ediblər.
Tibbi aksiya çərçivəsində 35 məhkum nevroloji, 30 məhkum ultrasəs müayinəsindən (USM), 15 məhkum dermatoloji, 25 məhkum isə uroloji müayinədən keçirilib. İnfeksiyaların aşkarlanması məqsədilə 95 məhkumdan qan nümunələri götürülüb.
Bununla yanaşı, 97 nəfər flüoroqrafik müayinədən keçirilib. Onlardan 92-si məhkum, 5-i isə müəssisənin əməkdaşı olub. Müayinə nəticəsində bir məhkumda şübhəli əlamət aşkar edildiyindən əlavə müayinə üçün Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə yönləndirilib.
24 məhkumda stomatoloji müayinələr aparılıb. Kardioloji müayinədən keçirilən 26 məhkumdan 12-nə elektrokardioqrafiya (EKQ) müayinəsi aparılıb.
Müayinələrin nəticələrinə əsasən, ciddi xəstəlik halı aşkarlanmayıb. Müxtəlif ixtisaslar üzrə müayinə olunan məhkumlara sağlamlıq vəziyyətlərinə uyğun tibbi tövsiyələr verilib, zəruri hallarda ambulator müalicə təyin edilib.
Hər il keçirilən tibbi müayinələrin əsas məqsədi məhkumların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, xəstəliklərin erkən aşkarlanması, ixtisaslı tibbi xidmətlə təmin olunması və zəruri müalicə tədbirlərinin müəyyənləşdirilməsidir.