"Analar Məktəbi”ndə maarifləndirici təlimlər davam etdirilir
“Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” PHŞ-də fəaliyyət göstərən “Analar Məktəbi” çərçivəsində hamilə qadınlar və yeni ana olmuş qadınlar üçün mütəmadi maarifləndirici təlimlər təşkil olunur. Təlimlərin keçirilməsində əsas məqsəd ana və uşaq sağlamlığının qorunması, bu həssas dövrdə qadınların düzgün və elmi əsaslı məlumatlarla təmin edilməsidir.
Keçirilən sessiyalar zamanı iştirakçılara hamiləlik dövründə düzgün qidalanma, sağlam həyat tərzinin qorunması, gündəlik rejimin tənzimlənməsi, zərərli vərdişlərdən uzaq durma və risk faktorlarının vaxtında müəyyən olunması barədə ətraflı məlumat verilir. Eyni zamanda, gələcək analara doğuşa hazırlıq, doğuş prosesinin mərhələləri və psixoloji hazırlığın əhəmiyyəti ilə bağlı mütəxəssis tövsiyələri çatdırılır.
Təlimlər çərçivəsində yeni ana olmuş qadınlara yenidoğulmuş körpəyə qulluq qaydaları, ana südü ilə qidalanmanın üstünlükləri, gigiyena normaları və körpənin inkişaf mərhələləri barədə praktik biliklər aşılanır. İnteraktiv formada keçirilən bu görüşlərdə iştirakçıların sualları cavablandırılır, fərdi yanaşma əsasında məsləhətlər verilir.
Qeyd olunmalıdır ki, “Analar Məktəbi”ndə təşkil edilən bu cür maarifləndirici tədbirlər yalnız tibbi biliklərin artırılmasına deyil, həm də cəmiyyətdə sağlam həyat tərzinin təşviqinə, ana və uşaq sağlamlığına dövlət səviyyəsində göstərilən diqqət və qayğının bariz nümunəsi kimi çıxış edir. Bu təşəbbüs gələcək nəsillərin sağlam böyüməsinə və ailə institutunun möhkəmləndirilməsinə mühüm töhfə verir.