...

Tibb işçilərinin etik davranış və daxili intizam qaydalarına riayət olunmasının təmin edilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin müvafiq tapşırığı əsasında Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında “Tibb işçilərinin etik davranış və daxili intizam qaydalarına riayət olunmasının təmin edilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
​Tədbirdə Poliklinikanın baş həkimi Ləman İbrahimova poliklinikada əmək intizamının qorunması, əməkdaşların vəzifə öhdəliklərini vaxtında və keyfiyyətlə yerinə yetirməsi, pasiyentlərlə düzgün ünsiyyətin qurulmasının əhəmiyyətini qeyd edib. Bildirilib ki, etik davranış prinsiplərinə riayət olunması vətəndaş məmnunluğunun artırılmasına, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və tibb müəssisəsinə inamın möhkəmlənməsinə xidmət edir.
​Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov isə tibb işçilərinin peşə fəaliyyətində qanunvericiliyin tələblərinə və etik davranış qaydalarına əməl etməsinin vacibliyini vurğulayıb. Pasiyentlərin hüquqlarının qorunması, onlarla münasibətdə nəzakətli və humanist davranışın təmin edilməsi, tibbi məlumatların məxfiliyinin saxlanılması və xidməti vəzifələrin məsuliyyətlə yerinə yetirilməsi diqqətə çatdırılıb.
​Tədbirdə etik davranış və daxili intizam qaydalarına əməl olunmasının təmin edilməsi, bu istiqamətdə maarifləndirmə işlərinin davam etdirilməsi və tibb işçilərinin peşə məsuliyyətinin gücləndirilməsinin vacibliyi vurğulanıb.