Təcili Tibbi Yardım Xidmətinin paramedikləri üçün təlimlərə başlanılıb
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təcili Tibbi Yardım Xidmətinin (TTYX) paramediklərinin bilik və praktiki bacarıqlarının artırılması məqsədilə təcili tibbi yardım həkimləri tərəfindən təlimlərə başlanılıb.
Müntəzəm olaraq keçiriləcək təlimlər çərçivəsində paramediklərə kardiopulmonar reanimasiya (CPR), CPR zamanı yol verilən səhvlər və onların aradan qaldırılması, kəskin koronar sindromlar (miokard infarktı və stenokardiya), qıcolmalar, insult, kəllə-beyin travmaları və digər aktual mövzular üzrə nəzəri və praktiki biliklər təqdim olunur.
Təlimlər zamanı iştirakçıların praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə xüsusi simulyasiya avadanlıqlarından və tibbi mulyajlardan istifadə edilir. Bu yanaşma paramediklərin təcili hallarda düzgün, operativ və effektiv tibbi müdaxilə imkanlarının daha da təkmilləşdirilməsinə şərait yaradır.
Qeyd edək ki, keçirilən təlimlərin əsas məqsədi təcili tibbi yardım xidmətinin peşəkar səviyyəsinin yüksəldilməsi və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılmasıdır.
