Təcili Tibbi Yardım Xidmətinin keyfiyyətinin təkmilləşməsi müraciət sayını əhəmiyyətli dərəcədə artırıb"
“Bu il təcili tibbi yardım çağırışlarının sayında keçən illə müqayisədə əhəmiyyətli artım olub.Belə ki, ötən il daxil olan zənglərin sayı 28 min olduğu halda, bu il bu rəqəm 43 minə çatıb. Bu artım xəstəliklərin çoxalması ilə deyil, təcili tibbi yardım xidmətinin optimallaşdırılması və əhalinin ehtiyaclarına daha operativ cavab verilməsi ilə əlaqədardır”- bunu Təcilli Tibbi Yardım maşınlarına keçirilən baxış zamanı Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxov qeyd edib.
Qış mövsümünə hazırlıq tədbirləri çərçivəsində Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardım Xidmətində muxtar respublika ərazisində fəaliyyət göstərən bütün təcili tibbi yardım maşınlarına baxış keçirilib.
Baxış zamanı Təcili Tibbi Yardım Xidmətinin baş həkimi, direktor vəzifələrini müvəqqəti icra edən Vüsal Əliyev maşınların oksigen təminatı, dərman təchizatı, tibbi çantaların vəziyyəti, defibrilyatorların iş qabiliyyəti və maşınların mütəmadi texniki baxım qaydaları barədə məlumat verib. O qeyd edib ki, maşınların texniki vəziyyəti mütəmadi olaraq nəzarətdə saxlanılır və qış mövsümündə tibbi xidmətlərin fasiləsiz təmin olunması üçün bütün lazımi tədbirlər həyata keçirilib.
Baxışdan sonra Təcili Tibbi Yardım Xidmətinin 103 çağrı mərkəzinə də baş çəkilib. Burada Vüsal Əliyev çağırışların idarə olunması prosesi, xidmətin səmərəliliyinin artırılması və bu istiqamətdə atılan addımlar barədə ətraflı məlumat verib.
Bununla yanaşı, Təcili Tibbi Yardım Xidmətinin fəaliyyəti çərçivəsində geolokasiya sisteminin genişləndirilməsi məsələsinə də toxunulub. Əvvəlcə cəmi 8 lokasiyadan ibarət olan yardım məntəqələrinin sayının növbəti illərdə 30-a çatdırılması planlaşdırılır. Bu genişləndirmə tibbi xidmətin daha əlçatan olmasını təmin etməklə yanaşı, çağırışlara daha sürətli cavab verilməsinə imkan yaradacaq.