Şahbuz rayonunda vətəndaş qəbulu keçirilib
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov tərəfindən Şahbuz rayonunda növbəti vətəndaş qəbulu keçirilib.
Qəbul zamanı Şahbuz rayon sakinlərinin müraciət və təklifləri dinlənilib, vətəndaşları narahat edən məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib. Görüşdə əsasən vətəndaşların tibbi xidmətlərin təşkili, müayinə və müalicə prosesi, eləcə də səhiyyə sahəsinə dair digər məsələlərlə bağlı müraciətlərinə baxılıb.
Vətəndaş qəbulunda ümumilikdə 39 nəfər iştirak edib. Müraciətlərin bir qismi yerində həll olunub, araşdırılması tələb olunan məsələlər isə aidiyyəti üzrə nəzarətə götürülüb.
Qeyd edək ki, bölgələrdə keçirilən bu cür vətəndaş qəbulları əhalinin müraciətlərinin operativ şəkildə araşdırılması, səhiyyə xidmətlərinə əlçatanlığın artırılması və vətəndaş məmnunluğunun təmin olunması məqsədi daşıyır.
.jpeg)
