Şahbuz rayonunda uşaqlar üçün tibbi müayinə aksiyası keçirilib
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası” PHŞ-nin ixtisaslı həkim briqadası tərəfindən martın 10-da “Şahbuz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də uşaqlar üçün tibbi müayinə aksiyası təşkil olunub.
Aksiya çərçivəsində uşaqlar müxtəlif ixtisaslar üzrə həkimlər tərəfindən müayinə olunublar. Belə ki, uşaq cərrahı tərəfindən 12, pediatr tərəfindən 29, otolarinqoloq tərəfindən 23, oftalmoloq tərəfindən 29, nevroloq tərəfindən 14, allerqoloq tərəfindən isə 12 olmaqla, ümumilikdə 119 tibbi müayinə aparılıb.
Müayinələr zamanı bəzi xəstələrdə əlavə tibbi müdaxiləyə ehtiyac müəyyən edildiyindən, onların bir qismi müvafiq cərrahi və lor əməliyyatlarının aparılması məqsədilə xəstəxanaya dəvət olunub.
Keçirilən aksiyanın əsas məqsədi uşaqların sağlamlıq vəziyyətinin vaxtında qiymətləndirilməsi, xəstəliklərin erkən mərhələdə aşkarlanması və zəruri hallarda ixtisaslaşmış tibbi yardımın göstərilməsidir.