...

Şərurda növbəti tibbi müayinə aksiyası uğurla həyata keçirilib

“Şərur Regional Tibb Mərkəzi” PHŞ-nin ixtisaslı həkim briqadası tərəfindən Sədərək rayonunun Dəmirçi kəndində təşkil olunan tibbi müayinə aksiyası uğurla başa çatıb. Aksiyanın keçirilməsində əsas məqsəd əhalinin sağlamlıq vəziyyətinin yoxlanılması, xəstəliklərin erkən mərhələdə aşkarlanması və vətəndaşların ixtisaslı tibbi xidmətə əlçatanlığının təmin olunması olub.
​Aksiya çərçivəsində müxtəlif ixtisaslar üzrə müayinələr aparılıb. Belə ki, pediatrik müayinələrdən 78, terapevtik müayinələrdən 30, rentgen müayinəsindən 26, USM müayinəsindən 30, ginekoloji müayinədən 14, kardioloji müayinədən 23, laborator müayinələrdən isə 18 nəfər yararlanıb.
​Keçirilən müayinələr zamanı aşkarlanan müxtəlif patologiyalar üzrə vətəndaşlara müvafiq tibbi tövsiyələr verilib, zəruri hallarda isə əlavə müayinə və müalicəyə cəlb olunmaları təmin edilib.
​Bu cür tibbi müayinə aksiyalarının təşkili səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətinin mühüm və prioritet istiqamətlərindən biri olmaqla, əhalinin sağlamlığının qorunması məqsədilə vaxtında müalicəyə cəlb olunma imkanlarının artırılması və profilaktik tədbirlərin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.