Şərur rayonunda su anbarında dezinfeksiya işləri aparılıb
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə Xidməti tərəfindən əhalinin sağlamlığının qorunması və su təhlükəsizliyinin təmin edilməsi məqsədilə Şərur rayonunda su anbarlarında dezinfeksiya işləri həyata keçirilib.
İctimai Səhiyyə Xidməti Şərur Regional Mərkəzi tərəfindən aparılan tədbirlər çərçivəsində 2 ədəd 400 kubmetr, 1 ədəd 7500 kubmetr və 2 ədəd 10 000 kubmetr tutuma malik su anbarı, ümumilikdə 27 900 kubmetr su tutumu dezinfeksiya edilib. Anbarlardan laborator müayinələr üçün su nümunələri götürülərək Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin aidiyyəti laboratoriyasına göndərilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə Xidməti tərəfindən muxtar respublika ərazisində əhalinin sağlamlığının qorunması, infeksion xəstəliklərin yayılmasının qarşısının alınması və sanitariya-epidemioloji təhlükəsizliyin təmin olunması məqsədilə mütəmadi olaraq bu cür tədbirlər həyata keçirilir.