...

Şəkərli diabet xəstələrinin dərman təminatı ilə bağlı maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə tibb müəssisələrinin rəhbərləri, həkim-endokrinoloqlar, həkim-əczaçılar və orta tibb işçilərinin iştirakı ilə şəkərli diabet xəstələrinin imtiyazlı dərman vasitələri ilə təminatı, dərman təyinatının düzgün aparılması və xəstələrin qeydiyyatının təşkili məsələlərinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbirdə imtiyazlı dərman vasitələri ilə təminat qaydaları, dərman təyinatının düzgün aparılması, xəstələrin qeydiyyatının dəqiqləşdirilməsi və təminat prosesində qarşıya çıxan məsələlər müzakirə olunub. Həmçinin mövcud çətinliklərin aradan qaldırılması, dərman təminatının səmərəli təşkili və bu sahədə tibb işçilərinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq izahatlar verilib.
Qeyd olunub ki, dərman vasitələrinin təyinatının düzgün aparılması, xəstələrin qeydiyyat məlumatlarının dəqiqliyinin təmin edilməsi və dərman təminatı prosesinin müvafiq qaydalara uyğun təşkili şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Sonda iştirakçıların sualları cavablandırılıb, müzakirə olunan məsələlərlə bağlı müvafiq tövsiyələr verilib.