...

Naxçıvanda tibb işçilərinin işə qəbulu üzrə müsahibələrə start verilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən tabeliyində olan tibb müəssisələrinə işə qəbul çərçivəsində müsahibə mərhələsinə start verilib.

               Tibb işçilərinin işə qəbulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2024-cü il tarixli, 344 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası”na uyğun olaraq həyata keçirilir.

          Seçim prosesinin növbəti mərhələsində Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardım Xidməti, Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xİdməti Culfa Regional Mərkəzi və Naxçıvan Muxtar Respublikası Y.Budaqov adına Psixi Xəstəliklər Dispanseri üzrə vakansiyalar əhatə olunub.

          13 fevral tarixində start verilən müsahibələrdə ilkin mərhələdə 6 nəfər namizəd iştirak edib.

          Qeyd edək ki, həkim mütəxəssislərdən ibarət komissiya tərəfindən aparılan seçim prosesi çərçivəsində namizədlərin peşəkar bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi məqsədilə müsahibələr mərhələli şəkildə təşkil olunur. Müsahibələr müvafiq qrafik əsasında keçirilir və hər bir namizədin ixtisas uyğunluğu, praktiki bilikləri və bacarıqları nəzərə alınır.

Seçim prosesinin şəffaf və obyektiv şəkildə izlənməsi məqsədilə videoçəkiliş aparılır.

“Vahid Səhiyyə İnformasiya Sistemi”nin (VSİS) “İşə qəbul” altsistemi vasitəsilə təşkil olunan müsahibə mərhələsinin nəticələri yekunlaşdırıldıqdan sonra, bütün namizədlərə nəticələr barədə məlumat elektron qaydada, şəxsi kabinetləri vasitəsilə təqdim olunacaqdır. Həmçinin bildirilir ki, vakant vəzifələr üzrə yeniliklər mütəmadi olaraq altsistemdə yerləşdirilir.

          Yekun nəticələr müsahibə mərhələsi tam başa çatdıqdan sonra açıqlanacaqdır. Səhiyyə Nazirliyi tərəfindən tibb müəssisələrinin kadr potensialının gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.