Naxçıvanda rezident həkimlərin təyinatı ilə bağlı görüş keçirilib
2025–2026-cı tədris ili üzrə rezidentura təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran həkim-mütəxəssislərin təyinatı üzrə yerləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyində görüş keçirilib.
Görüş çərçivəsində rezidentura təhsilini bitirən gənc mütəxəssislərin ixtisaslarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinə təyinatı məsələləri müzakirə olunub. Eyni zamanda, onların gələcək peşə fəaliyyətinin təşkili, praktiki bacarıqlarının tətbiqi və səhiyyə sistemində səmərəli fəaliyyət göstərmələri ilə bağlı müvafiq tapşırıqlar və tövsiyələr verilib. Bildirilib ki, gənc həkimlərin ixtisaslarına uyğun şəkildə işlə təmin olunması tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə və əhalinin sağlamlığının qorunmasına mühüm töhfə verəcək.
Qeyd edək ki, görüşdə ümumilikdə 10 həkim mütəxəssis iştirak edib. Onlardan 5-i Bakı şəhəri qeydiyyatlı olmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş təyinat əsasında Naxçıvanda fəaliyyət göstərən tibb müəssisələrində işləmək üçün göndərilib. Digər 5 nəfər isə Naxçıvan qeydiyyatlı həkimlərdir.

