...

Naxçıvanda peyvənd tibb bacıları üçün immunlaşdırma təlimi keçirilib

Əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərə qarşı mübarizənin gücləndirilməsi və immunlaşdırma xidmətlərinin keyfiyyətinin artırılması məqsədi ilə Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətində 51 peyvənd tibb bacısının iştirakı ilə immunlaşdırma təlimi keçirilib.
​İki gün davam edən təlim çərçivəsində tibb işçilərinə vaksinasiya sahəsində müasir yanaşmalar, aktual elmi yeniliklər, immunlaşdırma protokolları və “Smart Peyvənd Sistemi” barədə ətraflı məlumat verilib. Həmçinin peyvəndlərin soyuq zəncir tələblərinə uyğun saxlanılması və tətbiqi, vaksinasiya prosesinin təhlükəsiz və düzgün təşkili ilə bağlı praktiki bilik və bacarıqlar təkmilləşdirilib.
​Təlim zamanı vaksinasiyadan kənarda qalan uşaqların vaxtında aşkarlanması, onların immunlaşdırmaya cəlb olunması, eləcə də valideynlər arasında maarifləndirmə işinin daha səmərəli təşkili məsələlərinə də diqqət yetirilib.
​Mütəmadi keçirilən bu cür peşəkar təlimlər tibb personalının bilik və bacarıqlarının artırılmasına, immunlaşdırma xidmətlərinin daha keyfiyyətli təşkilinə və əhalinin peyvəndləmə ilə əhatə səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verir. Bu istiqamətdə həyata keçirilən tədbirlər yoluxucu xəstəliklərin qarşısının alınması və əhalinin sağlamlığının etibarlı şəkildə qorunmasına xidmət edir.