...

Naxçıvanda orta tibb ixtisaslı şəxslər üçün sertifikasiya imtahanı keçirilib

              Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” PHŞ-nin birgə təşkilatçılığı ilə Naxçıvanda ilk dəfə olaraq orta tibb ixtisaslı şəxslərin peşə hazırlığı səviyyəsinin, nəzəri bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə sertifikasiya imtahanı keçirilib.

14 sentyabr 2026-cı il tarixində təşkil olunan imtahan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinin binasında baş tutub. Ümumilikdə 271 nəfər orta tibb ixtisaslı şəxsin iştirak etdiyi imtahanda  138 nəfər saat 10:00-da, 133 nəfər isə saat 15:00-da imtahan verib. İmtahanın təşkili və keçirilməsində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” PHŞ-nin rəhbərliyi başda olmaqla 12 nəfər əməkdaşı iştirak edib.

Sertifikasiya imtahanında hazırda tibb müəssisələrində fəaliyyət göstərən orta tibb işçiləri ilə yanaşı, əmək fəaliyyəti göstərməyən və peşə fəaliyyətinə qayıtmaq niyyətində olan, xüsusilə 5 il və daha artıq müddətdə peşə fəaliyyəti ilə məşğul olmayan orta tibb ixtisaslı şəxslər də iştirak edirlər. Bu baxımdan imtahan onların müvafiq hazırlıq səviyyəsinin müəyyənləşdirilməsi və peşə fəaliyyətinə qayıdış imkanlarının qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sertifikasiya imtahanı 3 saat müddətində və fasiləsiz keçirilib. İştirakçılara 60 test sualı və 5 klinik tapşırıq təqdim olunub. Test hissəsində hər düzgün cavab 1 balla qiymətləndirilib və bu hissə üzrə maksimum 60 bal, klinik tapşırıqlar üzrə isə maksimum 25 bal toplamaq mümkün olub.

Test hissəsi üzrə 40 və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplayan şəxslər sertifikasiyadan keçmiş hesab olunurlar.

Beləliklə, Naxçıvanda orta tibb ixtisaslı şəxslərin peşə bilik və bacarıqlarının qiymətləndirilməsinə xidmət edən sertifikasiya imtahanı uğurla başa çatıb. Sertifikasiya prosesinin keçirilməsi orta tibb işçilərinin peşəkarlıq səviyyəsinin artırılması, müasir tibbi tələblərə cavab verən bilik və bacarıqlara malik mütəxəssislərin fəaliyyətinin təmin olunması, eləcə də əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.