...

Naxçıvanda “Müasir pediatriyanın işığında” adlı konfrans keçirilib

20 iyun 2026-cı il tarixində Naxçıvan Muxtar Respublika Xəstəxanasının Konfrans zalında Azərbaycan Pediatriya Cəmiyyətinin “Müasir pediatriyanın işığında” adlı 3-cü konfransı keçirilib.

          Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə pediatriya sahəsində müasir yanaşmalar, diaqnostika və müalicə üsulları, uşaqlarda aktual xəstəliklər və innovativ tibbi yeniliklər müzakirə olunub.

Konfransdan öncə tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Daha sonra konfrans öz işinə başlayıb. Tədbirdə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov çıxış edərək bildirib ki, ölkəmizdə səhiyyə sahəsinin inkişafı, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və tibb işçilərinin peşəkar hazırlığının gücləndirilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Qeyd olunub ki, bu kimi elmi konfranslar müasir tibbi biliklərin paylaşılması, qabaqcıl təcrübənin öyrənilməsi və səhiyyə işçiləri arasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sonra konfrans proqramına uyğun olaraq müxtəlif mövzular üzrə elmi məruzələr dinlənilib. Məruzələrdə limfadenopatiyalara yanaşma, öskürən uşağa necə yanaşmalı, qaraciyərə təsir edən metabolik xəstəliklər, sepsis zamanı yeni protokollar, yüksək hərarətli uşaqlara yanaşma, uşaqlarda piylənmə və uşaq cərrahına yönləndirmə meyarları kimi pediatriyanın aktual məsələləri geniş müzakirə olunub.

Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb, praktik təcrübələr bölüşülüb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Konfransın sonunda bu cür elmi tədbirlərin pediatriya sahəsində bilik və bacarıqların artırılmasına, səhiyyə xidmətlərinin daha da təkmilləşdirilməsinə və uşaqların sağlamlığının qorunmasına mühüm töhfə verdiyi vurğulanıb.