Naxçıvanda “Arterial hipertenziyanı tanı” mövzusunda tibbi aksiya keçirilib
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən, ürək-damar sistemi xəstəliklərinin erkən aşkarlanması, arterial hipertenziyanın vaxtında müəyyən edilməsi və əhali arasında profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının dövlət tibb müəssisələrində “Arterial hipertenziyanı tanı” mövzusunda tibbi aksiya keçirilib.
27 iyul–27 avqust 2026-cı il tarixlərini əhatə edən aksiya çərçivəsində şəhər və rayon tibb müəssisələrinə, eləcə də ailə sağlamlıq mərkəzlərinə müraciət edən 18 yaşdan yuxarı vətəndaşların arterial qan təzyiqi ölçülüb və müayinələrin nəticələri qeydiyyata alınıb.
Aksiya müddətində muxtar respublika üzrə ümumilikdə 17 056 nəfər müayinə olunub. Müayinələr zamanı 4 654 nəfərdə arterial təzyiqin yüksək olduğu müəyyən edilib. Aparılan müayinələr nəticəsində 561 nəfərə ilk dəfə arterial hipertenziya diaqnozu qoyulub.
Risk amilləri və müayinə nəticələri nəzərə alınaraq 358 nəfər əlavə müayinələrə, 15 nəfər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.
Tibbi aksiya çərçivəsində yalnız arterial təzyiqin ölçülməsi ilə kifayətlənilməyib, eyni zamanda vətəndaşlara arterial hipertenziya və ürək-damar xəstəliklərinin risk amilləri, xəstəliyin mümkün fəsadları, düzgün qidalanma, fiziki aktivlik, siqaretdən imtina və sağlam həyat tərzinin əhəmiyyəti barədə maarifləndirici məlumatlar verilib.
Aksiyanın nəticələri göstərir ki, arterial hipertenziyanın vaxtında aşkarlanması və risk qrupuna daxil olan şəxslərin tibbi nəzarətə cəlb olunması istiqamətində profilaktik tədbirlərin davamlı şəkildə həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Xüsusilə 561 nəfərdə arterial hipertenziyanın ilk dəfə müəyyənləşdirilməsi aksiyanın erkən diaqnostika baxımından əhəmiyyətini bir daha ortaya qoyub.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən bu kimi profilaktik tədbirlər əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən mərhələdə aşkarlanmasına və mümkün ağırlaşmaların qarşısının alınmasına xidmət edir.