Naxçıvanda “Ağciyər xəstəliklərinin diaqnostikası və müalicəsinə müasir yanaşma” mövzusunda elmi-praktik konfrans keçirilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə mayın 21-də Naxçıvan Muxtar Respublikası Xəstəxanası publik hüquqi şəxsində “Ağciyər xəstəliklərinin diaqnostikası və müalicəsinə müasir yanaşma” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransın əsas məqsədi tənəffüs sistemi xəstəliklərinin erkən diaqnostikası, müasir müalicə yanaşmaları, profilaktik tədbirlər və bu sahədə tətbiq olunan yeniliklərin tibb ictimaiyyətinin diqqətinə çatdırılması olub.
Konfransdan öncə tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Daha sonra qonaqlar Heydər Əliyev Muzeyi ilə tanış olublar. Muzeydə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlar, müxtəlif dövrlərə aid fotoşəkillər, sənədlər və tarixi materiallar haqqında ətraflı məlumat verilib.
Tədbirin açılış mərasimində Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsinin inkişafı daim diqqət mərkəzində saxlanılır. Dövlət başçısının səhiyyə sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ölkədə müasir səhiyyə infrastrukturu formalaşdırılır, ən son tibbi avadanlıqlarla təchiz olunur. O qeyd edib ki, son dövrlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının aparıcı mütəxəssislərinin Naxçıvana səfərləri artıq ənənə halını alıb.
Konfrans çərçivəsində Ağciyər Xəstəlikləri mövzularında məruzələr təqdim olunub.
Tədbir iştirakçıları tərəfindən mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Qeyd olunub ki, belə elmi-praktik tədbirlər regionlarda səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, həkimlərin peşəkar bilik və bacarıqlarının artırılması, həmçinin tibb müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
.jpeg)

.jpeg)
.jpeg)
