“Naxçıvan Sağlamlıq Günləri” çərçivəsində mütəxəssis kardioloqlar tərəfindən seminarlar təşkil edilib
Naxçıvanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Elmi-Tədqiqat Kardiologiya İnstitutunun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Naxçıvan Sağlamlıq Günləri” çərçivəsində silsilə tədbirlər həyata keçirilir.
İlkin olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının konfrans zalında mayın 4-də həyata keçirilən tədbirlər sırasında kardioloji sahəyə yönələn maarifləndirici seminar təşkil olunub.
Günün birinci yarısında təşkil olunan və elektrokardioqrafiya mövzusuna həsr edilən seminar Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkim-kardioloqu Ruslan Nəcəfov tərəfindən aparılıb. Təlim çərçivəsində “EKQ-nin əsasları” mövzusunda geniş təqdimat edilib, ardınca interaktiv müzakirələr təşkil olunub. Müzakirələr zamanı klinik halların təhlili aparılıb, iştirakçıların sualları cavablandırılıb və elektrokardioqrafiyanın praktik tətbiqi üzrə biliklər möhkəmləndirilib. Günün növbəti hissəsində interaktiv müzakirələr davam etdirilərək mövzunun daha dərindən mənimsənilməsi təmin olunub.
Günün ikinci yarısında isə exokardioqrafiya üzrə növbəti seminar keçirilib. Seminarın moderatoru Elmi-Tədqiqat Kardiologiya İnstitutunun professoru Tofiq Cahangirov olub. Təlim çərçivəsində professor Tofiq Cahangirov tərəfindən “Kardiak törəmələrin exokardioqrafik dəyərləndirilməsi” mövzusunda məruzə təqdim edilib. Daha sonra həmin institutun həkim-kardioloqu Səkinə Osmanova “Ürək qüsurlarının diaqnostikasında exokardioqrafiya” mövzusunda çıxış edib. Ardınca həkim-kardioloq Rasim Cəfərov tərəfindən “Kardiomiopatiyalar zamanı Exo-KQ” mövzusunda təqdimat keçirilib.
Seminarın sonunda iştirakçılar üçün praktik məşğələ təşkil olunub. Praktiki hissədə exokardioqrafiyanın tətbiqi üzrə real nümunələr üzərində izahlar verilib, müasir diaqnostik üsullar əyani şəkildə nümayiş etdirilib.
Qeyd edək ki, seminarlarda ümumilikdə 100-ə yaxın tibb işçisi iştirak edib.
Naxçıvana dəvət olunan yüksəkixtisaslı professorların və mütəxəssislərin bu kimi təlimlər keçməsi yerli səhiyyə işçiləri üçün həm nəzəri, həm də praktik baxımdan mühüm töhfə olmaqla yanaşı tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edir.




