...

Naxçıvan Muxtar Respublikası Xəstəxanasının kollektivi Ordubad internat məktəbində təhsil alan uşaqlarla görüş keçirib

"Naxçıvan Muxtar Respublika Xəstəxanası" PHŞ-nin kollektivi tərəfindən Ordubad şəhər tam orta internat məktəbinin şagirdləri ilə görüş təşkil olunub.
Görüş zamanı uşaqlarla səmimi söhbətlər aparılıb, onların gündəlik həyatı, təhsil uğurları və maraqları ilə yaxından tanış olunub. Bildirilib ki, uşaqların sosial rifahının yaxşılaşdırılması, onların mənəvi cəhətdən dəstəklənməsi və cəmiyyətə faydalı fərdlər kimi formalaşması istiqamətində həyata keçirilən təşəbbüslər xüsusi əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində məktəbin şagirdlərinə müxtəlif hədiyyələr təqdim olunub, onlar üçün əyləncəli proqram təşkil edilib. Musiqili çıxışlar, maraqlı oyunlar və xoş ünsiyyət şəraitində keçən görüş uşaqlarda yüksək əhval-ruhiyyə yaradıb.
Qeyd olunub ki, bu cür sosial yönümlü tədbirlər uşaqların sevincinə səbəb olmaqla yanaşı, onlarda qayğı və diqqət hissinin gücləndirilməsinə, həmçinin cəmiyyətdə humanizm və xeyirxahlıq dəyərlərinin təşviqinə xidmət edir.
Sonda uşaqlarla xatirə şəkilləri çəkdirilib.