...

Möcüzəyə doğru – Analıq Məktəbi” layihəsi Naxçıvanda keçirilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Baku Medical Plaza Klinikasının birgə təşkilatçılığı ilə 8 may 2026-cı il tarixdə Baku Medical Plaza klinikalar şəbəkəsinin həkim kollektivi və əməkdaşlarının iştirakı ilə Naxçıvanda “Möcüzəyə doğru – Analıq Məktəbi” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbirin əsas məqsədi ana və uşaq sağlamlığının qorunması, hamilə qadınların maarifləndirilməsi, hamiləlik dövründə düzgün qidalanma, tibbi nəzarət və psixoloji hazırlıq istiqamətində biliklərin artırılması, eyni zamanda, yeni doğulmuş körpələrə qulluq, ana südünün əhəmiyyəti və doğuşdan sonrakı dövrdə sağlam həyat tərzi ilə bağlı iştirakçılara ətraflı məlumatların verilməsi olub.
İştirakçılar əvvəlcə Naxçıvan şəhərinin mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Sonra nümayəndələr “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” PHŞ-nin nəzdində fəaliyyət göstərən “Analar Məktəbi”ni ziyarət edərək, məktəbin fəaliyyəti ilə yaxından tanış olublar.
Ziyarət zamanı qonaqlara “Analar Məktəbi”nin fəaliyyət istiqamətləri, keçirilən təlimlərin mövzuları və onların əhəmiyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, mərkəzdə hamilə qadınlar üçün sağlam hamiləliyin idarə olunması, düzgün qidalanma qaydaları, doğuşa psixoloji hazırlıq, ana və yenidoğulmuş uşağa qulluq kimi mövzularda maarifləndirici təlimlər təşkil olunur.
Daha sonra “Naxçıvan Muxtar Respublika Xəstəxanası” PHŞ-də layihə çərçivəsində maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə muxtar respublikanın şəhər və rayonlarından olan, ana olmağa hazırlaşan qadınlar iştirak ediblər. Layihə çərçivəsində iştirakçılara hamiləliyin fizioloji gedişatı, yenidoğulmuş körpənin sağlam inkişafı, düzgün qidalanma, psixoloji dəstəyin əhəmiyyəti, doğuşa hazırlıq və digər mühüm mövzular barədə ətraflı məlumat verilib.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb, gələcək analara faydalı tövsiyələr təqdim olunub.
Sonda iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib.