Əczaçılıq fəaliyyəti ilə bağlı tələblərdə dəyişiklik edilib
Əczaçılıq sahəsində fəaliyyətlə bağlı mövcud qanunvericiliyə uyğun olaraq normativ sənədlərdə dəyişikliklər edilib.
“Dərman vasitələrinin topdansatışına dair tələblər”ə əsasən, fasiləsiz olaraq ixtisasları üzrə 5 ildən çox müddətdə işləməmiş əczaçılar müvafiq tədris müəssisələrində hazırlıq keçdikdən sonra əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Qərara əsasən, azı 5 il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş əczaçılar, o cümlədən əczaçılıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili olan və təhsil müəssisəsini bitirdikdən sonra azı beş il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş şəxslər Səhiyyə Nazirliyinin tabeliyində olan təhsil müəssisələrində hazırlıq keçdikdən və “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna uyğun olaraq sertifikasiya imtahanından keçdikdən sonra əczaçılıq fəaliyyəti ilə məşğul ola biləcəklər.
Eyni zamanda, “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları”na əsasən, mövcud qanunvericiliyə görə aptekdən həkim resepti ilə buraxılan dərman vasitələrinin satışı “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna uyğun olaraq sertifikasiyadan keçmiş əczaçılıq təhsilinə malik mütəxəssis tərəfindən, reseptsiz buraxılan dərman vasitələrinin və digər tibb təyinatlı malların satışı isə ali və ya orta əczaçılıq təhsilinə malik mütəxəssislər tərəfindən həyata keçirilir.
Qərara əsasən, aptekdən reseptlə və ya reseptsiz buraxılan dərman vasitələrinin, o cümlədən digər tibb təyinatlı malların satışı “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun tələblərinə uyğun olaraq sertifikasiya şəhadətnaməsi qüvvədə olan əczaçılıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili almış əczaçılar tərəfindən həyata keçiriləcək.
Məlumat üçün bildiririk ki, müvafiq qərar cari ilin 6 yanvar tarixində qəbul edilmiş, 14 yanvar tarixində isə Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş və 15 yanvar tarixindən qüvvəyə minmişdir.