Təkmilləşdirmə kursu, ixtisas və köçürülmə ilə bağlı
Beş ildən artıq ixtisası üzrə praktik fəaliyyət ilə məşğul olmayan şəxslər peşə hazırlığı keçməlidirlər. Siz peşə hazırlığı keçdikdən sonra sertifikasiya oluna bilərsiniz. Peşə hazırlığı keçmək üçün müvafiq sənədlərin surətini təqdim etməklə (şəxsiyyət vəsiqəsi, orta ixtisas tibb təhsil haqqında sənəd, notarial qaydada təsdiq olunmuş əmək kitabçası) 2 nömrəli Bakı Baza Tibb Kollecinə müraciət etməlisiniz.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəssisələrində vəzifələrin nomenklaturası siyahısına uyğun olaraq mamalıq işi ixtisası üzrə təhsil alan orta tibb işçisi tibb bacısı vəzifəsində fəaliyyət göstərə bilər.
2013-cü ildən həkimlərin işə qəbulu vakant vəzifələr barədə verilən elana əsasən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə aparılır. Vakant həkim vəzifələrin elanları Səhiyyə Nazirliyinin internet səhifəsinin “Həkimlərin mərkəzləşdirilmiş işə qəbulu” bölməsində mütəmadi olaraq yerləşdirilir.