Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Qan Bankının nümayəndələri Naxçıvanda işgüzar səfərdə olublar
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Qan Bankı Publik Hüquqi Şəxsin icraçı direktoru Elxan Nağıyev, laboratoriya müdiri Sevinc Məhərrəmova və donorların müayinə kabinetinin müdiri Günel Mehdiyeva Naxçıvan Muxtar Respublikasının Səhiyyə Naziri Samiq Sadıxovla birgə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən "Qan Bankı və Qanköçürmə Mərkəzi" Publik Hüquqi Şəxsində olublar.
Səfərin əsas məqsədi qan bankları arasında qarşılıqlı əlaqələrin yaradılması, vahid keyfiyyət və təhlükəsizlik standartlarının tətbiqi, qan komponentlərinin keyfiyyətinin təmin edilməsi, eləcə də infeksiyaların qarşısının alınması üzrə mərkəzləşdirilmiş idarəetmə sisteminin qurulmasıdır.
Bundan əlavə, nümayəndə heyəti Naxçıvan Uşaq Xəstəxanasında, Təcili Tibbi Yardım Xidmətində olmuş, burada tibbi xidmətin keyfiyyəti, müayinə və müalicə prosesləri ilə tanış olublar. Uşaq xəstəxanasında aparılan müasir tibbi üsullar, xəstələrə göstərilən xidmətin səviyyəsi və tibbi heyətin peşəkarlığı diqqət mərkəzində olub.
Eyni zamanda, Təcili Tibbi Yardım Xidmətinin fəaliyyəti ilə tanış olaraq, bu sahədəki təşkilati struktur, təcili yardım avtomobillərinin avadanlıqları və xəstələrə xidmət göstərə biləcək resursların effektivliyi müzakirə edilib.
Nümayəndə heyətinin Naxçıvan Mərkəzi Xəstəxanasında yeni açılmış laboratoriya ilə tanışlığı, qan testlərinin keyfiyyətinin artırılması və müasir tibbi avadanlıqların istifadəsi mövzusunda əhəmiyyətli məlumatlar əldə etməyə imkan tanımışdır. Laboratoriyanın iş prinsipləri, avadanlıqların funksionallığı və sınaq proseslərinin effektivliyi barədə müzakirələr aparılmışdır.