...

Ailə Sağlamlıq Mərkəzləri üzrə yerləşdirmə prosesi davam edir

Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində aparılan islahatlar sürətlə davam edir və bu islahatlar nəticəsində tibbi xidmətlərin səviyyəsi yeni bir mərhələyə yüksəlir. Son dövrdə həyata keçirilən ən vacib layihələrdən biri Ailə Sağlamlıq Mərkəzlərinin (ASM) yaradılmasıdır. Bu yenilik, vətəndaşların daha keyfiyyətli ilkin tibbi xidmətlərdən yararlanmasını təmin etməklə yanaşı, xəstəlik hallarının azalmasına və ümumi həyat keyfiyyətinin yüksəlməsinə şərait yaradır.

Hazırda kənd həkim ambulatoriyalarının və feldşer-mama məntəqələrinin işçilərinin qanunvericiliyə uyğun olaraq ASM-lər üzrə yerləşdirilməsi prosesi davam edir. Təşkilati yeniliklər çərçivəsində bəzi ştatların dəyişdirilməsi və işçi yerdəyişmələri aparılır, hər bir müəssisədə mövcud ehtiyaclara və funksional tələblərə uyğun olaraq ştat vahidlərinin sayı optimallaşdırılır. Bu prosesin əsas məqsədi, tibbi xidmətlərin daha çevik və müasir şəkildə təşkil edilməsidir.

Səhiyyə islahatları yalnız kadr optimallaşdırması ilə məhdudlaşmır. Belə ki,Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda “Naxçıvan Muxtar Respublikasında ambulatoriya və feldşer-mama məntəqələri bazasında Ailə Sağlamlıq Mərkəzlərinin yaradılması və avadanlıqlarla təchiz edilməsi” bəndi Təfsilatlı Tədbirlər planına daxil edilmişdir.Buna uyğun olaraq  Ailə Sağlamlıq Mərkəzlərinin müasir tibbi avadanlıqlarla təchiz olunması üçün də vacib addımlar atılır. Bu çərçivədə mərkəzləşdirilmiş smart peyvənd sistemləri ilə təchizat prosesi davam edir və tender elan olunub.

Xatırladaq ki, muxtar respublikada ilkin səhiyyə xidmətini təkmilləşdirmək, operativ xidmət göstərmək, vaxt itkisini  və ixtisaslaşmış tibb müəssisələrində sıxlığı aradan qaldırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin müvafiq fərmanına əsasən 85 həkim ambulatoriyası və 94 feldşer-mama məntəqəsinin bazasında 32 Ailə Sağlamlıq Mərkəzləri (ASM) yaradılmış və rayon mərkəzi xəstəxanasının tabeçiliyindən çıxarılaraq müstəqil qurum kimi fəaliyyətə başlamışdır. Ailə Sağlamlıq Mərkəzlərinin yaradılması zamanı müvafiq inzibati ərazi üzrə əhalinin sayı, əhaliyə düşən tibb işçilərinin sayı, tibb müəssisələrinin maddi-texniki bazasının vəziyyəti, nəqliyyat və digər infrastruktur imkanları nəzərə alınmışdır.

Həyata keçirilən bu islahatlar Naxçıvanda səhiyyə sistemini keyfiyyətcə yeni səviyyəyə yüksəltməklə yanaşı, vətəndaşlara daha yaxşı sağlamlıq xidməti göstərilməsi istiqamətində əhəmiyyətli addım kimi qiymətləndirilir.